Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.
Iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Şuşa Otel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verdi.
Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində – Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə – “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.
Bildirildi ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.
Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.